Qəbələ
Qəbələ rayonu Azərbaycanın şimal hissəsində Şəki-Zakatala zonasında yerləşir, Dağıstan və Gürcustan ilə həmsərhəddir. Rayonun mərkəzi Qəbələ şəhəridir. Rayonun ərazisi 1548 kv. km, əhalisi 96 min nəfərdir. Rayonda 1 şəhər,3 qəsəbə və 60 kənd vardır. Əhalinin milli tərkibi Azərbaycanlılardan, ləzgilərdən, udinlərdən və digərlərindən ibarətdir. Rayonun inzibati mərkəzi dəniz səviyyəsindən 900 metr yüksəklikdədir. İndiki Qəbələ şəhəri Azərbaycanın eramızdan əvvəl İV əsrdən eramızın V əsrinədək var olan Qafqaz Albaniyasının paytaxtı olmuş Qəbələ (Kabala) şəhərindən 20 km şimali şərqdə yerləşir.
Qəbələ dünyanın Babil, Troya, Pompey, Karfagen kimi qədim əhəmiyyətli şəhərləri ilə müqayisə ediləcək qədər mühüm siyasi, iqtisadi və ticarət mərkəzlərindən olmuşdur. Eramızdan əvvəl 60-cı illərdə Roma qoşunları Qəbələyə hücum etsələr də şəhəri ala bilməmişlər. Sasanilər dövründə şəhər çox böyük ticarət və sənətkarlıq mərkəzi olmuş və bu ənənələri Xilafət dövründə də qoruyub saxlamışdır. XIII əsrin ortalarında ardı kəsilməyən Moğol hücumlarından sonra şəhər əvvəlki əhəmiyyətini itirmiş və əhali tədricən buradan köçmüşdür.
Qəbələ rayonu ərazisində Qafqaz Albaniyasının paytaxtı olmuş Qəbələ (Kabala) şəhərinin qala bürclərinin qalıqları (e.ə. I əsr), Hacallı kəndində məbəd (e.ə. IV əsr), Yengicə kəndində Qızlar qalası (IV-XIV əsrlər), Yenikənddə küp qəbirlər (e.ə. I I- IV əsrlər), Həzrə kəndində türbələr kompleksi (XIV-XV əsrlər) kimi tarixi abidələr mövcuddur.
Qəbələ Azərbaycan ədəbiyyatına nəsrimizin banisi və ilk generallarından olan İsmayıl Bəy Qutqaşınlı, İbrahim Bəy Musabəyov kimi şəxsiyyətlər bəxş etmişdir. Qəbələnin relyefi dağlıqdır. ərazinin şimal hissəsi Baş Qafqaz silsiləsinin cənub yamacına, mərkəzi Alazan-Həftəran vadisinə, cənub hissəsi isə Acınohur ön dağlarına daxildir. Ən yüksək zirvələri Bazardüzü (4466 m), Bazaryurd (4126 m) və Tufan (4206 m) dağlarıdır. İqlimi cənubda qışı quraq keçən mülayim isti, dağlqda isə soyuq və rütubətlidir. Orta temperatur yanvarda -14, iyulda +27-dir. Illik yağıntı aşağı hissədə 600 mm, dağlarda 1600 mm-ə qədərdir.
SPA

PAINTBALL

ПОГОДА |









